30 may 2013 13:22
Makedoniya yığmasının üzvü rəsmən Xəzər Lənkəranda! (FOTO)
Mövsümlərarası fasilə müddətində “Xəzər Lənkəran” klubu sayca 4-cü transferini həyata keçirib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, Makedoniya yığmasının U-16 millisindən başlayaraq əsas milli yığma komanadaya qədər heyətə cəlb olunan Nikola Qliqorovıa 1 illik müqavilə bağlanıb.
29 yaşlı futbolçu ampulaca yarımmüdafiəçidi. Futbolçunun son klubu Kiprin “Alki” klubu olub. Karyerasının çox hissəsini vətənində keçirən futbolçu Serbiyada da legioner həyatı yaşamaqla yanaşı qitəmiqyaslı turnirlərdə də böyük təcrübəyə malikdi.
Qliqorov peşəkar karyerasında “Alumina”da başlayıb. 2002-2004-cü illər aralığında o, “Cementarnica”da 38 oyun keçirib, 2 qol vurub. 2004-cü ildə keçdiyi “Vardar”da 2007-ci ilə qədər 50 oyuna çıxıb (2 qol). 2007-ci ildə “Bezanija”da da 6 oyun keçirib. 2007-2008 mövsümündə Qliqorov “Rabotniçki”nin şərəfini qoruyub (27 oyun, 2 qol). 2008-2009 mövsümündə yenidən “Vardar” qayıdan yarımmüdafiəçi 24 oyunda 3 qolla yadda qalıb. 2009-2011 mövsümlərində isə Qliqorov yenə “Rabotniçki”də çıxış etmyə başlayıb. O, iki il ərzində 58 qarşılaşmaya çıxıb, 6 qol vurub. 2011-ci ildən çıxış etdiyi son klubu “Alki”də də 58 görüş keçirən “Xəzər Lənkəran”ın yeni üzvü 3 qol vurub.
Makedoniyanın U-16, U-19 və U-21 yığmalarında üst-üstə 42 oyun keçirmiş futbolçu əsas millidə 14 matça çıxıb.
Sonda onu da qeyd edək ki, Qliqorovu “Xəzər Lənkəran”a məhz baş məşqçi Con Toşak özü gətirib. Çünki bundan öncə Makedoniya millisini çalışdıran uelsli mütəxəssis görünür bu oyunçunun nəyə qadir olduğuna bələd olduğu üçün onu komandasında görmək istəyib.
