31 may 2013 12:45
Yuri Syomin: Qəbələ niyə də Azərbaycanın Anjisi olmasın?
Yuri Syominin “Qəbələ”nin baş məşqçisi vəzifəsinə rəsmi təyinatından sonra Rusiya mətbuatına bol-bol açıqlamalar verməkdə davam edir. Azerisport.az size rusiyalı mütəxəssisin növbəti açıqlamaları ilə tanış edir:
- Artıq “Qəbələ” ilə müqavilə bağlamışam. Klubun özünün inkişafı ilə bağlı maraqlı layihəsi var. Mən gələn il avrokuboklara düşəcəyimizi istisna etmirəm. Hər halda, qarşımızda belə bir vəzifə qoyulub.
- Deyilənə görə, klubunuzun maliyyə problemi yoxdu. Sizin kimi məşqçinin dəvət edilməsi bunu bir daha təsdiqləyir. Komandaya əcnəbi futbolçular dəvət ediləcəkmi? Başqa sözlə, “Qəbələ” Azərbaycanın “Anji”sinə çevriləcəkmi?
- Niyə də yox?! Klubun əla şəraiti var. Mən təkcə maddi məsələni yox, bütün infrastrukturu nəzərdə tuturam. Hazırda klub üçün müasir stadion tikilir, yaxşı bazalar, meydançalar var.
- Köməkçilərinizin kimliyi müəyyənləşib?
- Rusiyadan Yuri Baturenko və oğlum Andrey köməkçim olacaq. Həmçinin Moskva “Torpedo”su və “Dinamo”dakı çıxışları ilə tanınan Dmitri Kramarenko qapıçılarla işləyən oynayan-məşqçi olacaq. Bəli, o, hələlik futbolçu karyerasını bitirməyib. Kramarenko bizə hərtərəfli kömək edəcək.
