31 may 2013 16:50
Neftçi daha üç işçisini qovdu!
“Neftçi”nin rəhbərliyi Təhlükəsizlik Xidmətinin strukturunun yenidən formalaşdırılması ilə bağlı qərar qəbul edib. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda o da bildirilir ki, vəzifə təlimatlarının yerinə yetirilməsində yol verdiyi nöqsanlara görə mühafizəçilər - Şəhriyar Ağayev, MirRamin Seyidov və Elnur Əsgərov işdən azad olunublar.
Qeyd edək ki, bu, Azərbaycan Kubokunun “Xəzər Lənkəran”la final matçından sonrakı dava-dalaşla bağlıdı. Həmin olaylardan dərhal sonra komandanın rəisi Güloğlan Cabbarov istefaya göndərilmişdi. İndi isə klub rəhbərliyi daha üç əməkdaşına qapını göstərdi. Başqa cəzaların olduğu və ya olacağı isə bəlli deyil.
Onu da bildirək ki, AFFA İntizam Komitəsi məhz bu olaylarla əlaqədar “Neftçi”yə çox ağır cəzalar kəsib.
