1 iyun 2013 13:34
Bakıda prezidentdən başqa hamı istefaya göndərildi
“Bakı”nın prezidenti Hafiz Məmmədov klubda köklü islahatlara başlayıb. Azerisport.az xəbər verir ki, o, klubun bütün rəhbərliyini istefaya göndərib.
Belə ki, hazırda “zolaqlılar”ın nə rəhbər heyəti, nə məşqçiləri, nə oyunçuları var. Hətta müvəqqəti olaraq klubun futbol akademiyasının işçiləri də postundan uzaqlaşdırılıb.
Məmmədovun belə radikal addım atmasına komandanın son mövsüm Azərbaycan çempionatı və kubokundakı uğursuz çıxışı səbəb olub. “Bakı” son mövsümü beşinci yerdə başa vurdu, kubokda da uğur qazana bilmədi və avrokuboklardan kənarda qaldı. Klub prezidenti həm də “Bakı”nı daha böyük uğurlara daşıya biləcək yeni rəhbərlik formalaşdırmağa hazırlaşır.
Gələn həftə klubun yeni rəhbərliyinin formalaşacağı və komandaya yeni - ispaniyalı mütəxəssisin baş məşqçi təyin ediləcəyi gözlənilir. Bundan sonra "Bakı" rəhbəliyində əsasən ispaniyalı menecerlər təmsil olunacaq. Elə iyunun 3-də Bakıya gələcək İspaniyanın “Atletico” klubunun prezidenti Enrike Serezo da əməkdaşlıq etdikləri “Bakı”ya bu yolda öz dəstəyini və məsləhətlərini verəcək. Hansı ki, son dövrlər tez-tez İspaniyada olan Məmmədovun bu qərara gəlməsində məhz “Atletico” rəhbərliyinin məsləhətlərinin az rol oynamadığı bildirilir. “Bakı”nın prezidenti bundan sonra klubda Madrid təmsilçisinin təcrübəsindən yararlanmağa qərar verib.
