4 iyun 2013 00:56
Bakının Lansla əməkdaşlığı erməniləri fransızlarla üz-üzə qoydu
Fransada fəaliyyət göstərən erməni diasporu Azərbaycanın “Lans” klubuna sponsorluq etmək istəyinə qarşı kampaniyaya başlayıb. Azerisport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu ölkədəki erməni diaspor təşkilatları adından “Lans”ın prezidenti Lyuk Dayana müraciət ünvanlanıb. Müraciət müəllifləri Dayanı rəhbəri olduğu klubla “Bakı”nın gözlənilən əməkdaşlıqdan vaz keçməyə çağırıblar. Qeyd edək ki, “Bakı”nın prezidenti Hafiz Məmmədov Madrid “Atletico”sundan sonra yaxın vaxtlarda Fransanın “Lans” klubu ilə də əməkdaşlığa başlayacaqlarını bildirib.
Diaspora təşkilatlarının direktoru Hratç Varyabediyanın imzası ilə kluba ünvanlanan müraciətdə isə erməni diasporu ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti haqda mənfi rəy formalaşdırmağa çalışıb, ölkəmizdən bir iş adamının “Lans”la əməkdaşlığının yolverilməz olduğunu bildirib.
Qeyd edək ki, “Bakı” ilə “Lans”ın əməkdaşlığı baş tutacağı halda Fransa komandası oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq. Bundan başqa, klubun sahibliyinin də Azərbaycan tərəfinə keçəcəyi gözlənilir. Bu üzdən də Fransa ermənilərinin əl-ayağa düşməsi başadüşüləndi.
Yeri gəlmişkən, qatı erməni millətçilərinin yığışdığı bu təşkilat Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da radikal mövqeyi ilə seçilir. Onlar bir neçə dəfə Senata müraciət edərək Fransada qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin tezliklə qəbul olunmasını tələb edib. Bundan başqa, Fransa hökumətini Azərbaycan dövləti ilə əməkdaşlıqdan çəkindirməyə çağırıb.
Artıq erməni diasporunun müraciətinə “Lans”ın prezidenti Lyuk Dayan münasibət bildirib. Klubun saytı vasitəsi yayılan cavab məktubunda qeyd edilib ki, Hafiz Məmmədov uzun müddət “Lans”ın prezidenti olmuş Jerve Mertellə danışıq aparıb: “O, 25 il “Lans”ın prezidenti işləyib. Hesab edirik ki, bu şəxsin klubumuzun düşdüyü çətin durumdan çıxarmaq üçün istənilən danışıqları aparmaq haqqı var”.
Lyuk Dayan qeyd edib ki, hazırda “Lans”ın durumu yaxşı deyil və yeni sponsorlara ehtiyac var. O, erməni diasporasına idmanla siyasəti bir-birinə qatmamağı tövsiyə edib.
