3 iyun 2013 15:06
Yığmamız Lüksemburq ilə oyuna tam heyətlə hazırlaşa bilmir
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Lüksemburqla oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki bu gün axşam komandamız “Bakcell Arena”da növbəti məşqə çıxacaq.
Buna qədər isə Berti Foqtsun yetirmələri İsmət Qayıbov adına Suraxanı qəsəbə stadionunda səhər məşqinə çıxıb.
Təəssüf ki, millimiz qarşıdakı oyuna tam heyətlə hazırlaşa bilmir. Artıq xəbər verdiyimiz kimi, Türkiyənin “Sivasspor” klubunun forvardı Cihan Özkara millimizdən kənarlaşdırılıb. Bundan əlavə kapitan Rəşad Sadıqov, Mahir Şükürov, Pərdis Fərcad-Azad və Rasim Ramaldanov da komanda ilə birgə məşq edə bilmirlər. Onlar hazırda fərdi hazırlıq keçirlər. Amma onların zədəsi o qədər də ciddi deyil və tezliklə ümumi hazırlıqlarda iştirak etmələri gözlənilir.
Qeyd edək ki, Azərbaycan – Lüksemburq matçı iyunun 7-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.
