4 iyun 2013 11:14
Türkiyə klubunun prezidenti: azərbaycanlı futbolçu ala bilərik
Türkiyənin “Orduspor” klubu heyətinə azərbaycanlı futbolçu qata bilər. Azerisport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Nedim Türkmen açıqama verib.
“Orduspor” Super Liqadakı yerini qoruya bilməyərək PTT 1-ci Liqaya düşüb. Burda isə türkdilli dövlətlərdən olan futbolçular legioner sayılmır. Yəni TFF aşağı liqa klublarına bu ölkələri təmsil edən 3 futbolçunu yerli statusu ilə oynatmağa icazə verir.
Bu səbəbdən Nedim Türkmen Qazaxıstan və Azərbaycandan futbolçu ala biləcəklərini deyib: “Çaykur Rizespor”un iki qazax futbolçusu – qapıçı David Loriya və müdafiəçi Samat Smakovla maraqlandıq. Yenə Qazaxıstan və Azərbaycandan əcnəbi oyunçular ala bilərik”.
Qeyd edək ki, əvvəllər “Orduspor”da millimizin sabiq üzvü Anatoli Ponomaryov çıxış edib. O, 2010-cu ildə bu komandada 10 oyuna çıxaraq 3 qol vurub və karyerasını bitirib.
