4 iyun 2013 11:35
Neftçi Gürcüstanda 12 oyun keçirdi
“Neftçi”nin aşağı yaş qruplarından ibarət komandaları Gürcüstan Futbol Federasiyasının ilk prezidenti Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq Tiflis turnirində iştirak edib. Azerisport.az xəbər verir ki, məşqçi İslam Kərimovun yetirmələri olan 2002-ci il təvəllüdlü futbolçulardan ibarət komanda qrupda “Raça”ya (Ambromlauri) uduzsa da (1:2), “Morkinali”ni (Tbilisi) 5:2, “Saburtalo-1”i (Tbilisi) isə 3:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.
Bundan sonra “Çempioni-1” (Tiflis) və “Acari” (Batumi) klublarını müvafiq olaraq 1:0 və 4:1 hesabı ilə yenən “Neftçi” yarımfinalda Tiflis “Dinamo”sunun futbol akademiyasının komandasına 0:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə “Avaza”ya uduzan (0:2) təmsilçimiz turniri 4-cü pillədə başa vurub.
Məşqçi Tural Kərimovun başçılıq etdiyi 2003-cü il təvəllüdlü futbolçulardan ibarət komanda isə qrupda Tiflisin “Baqsvudi” (5:2) və “Saburtalo-1” (0:4) klubları, eləcə də Sxinvali “Spartak”ı (4:3) ilə qarşılaşıb. Növbəti mərhələdə “Axarlsixe” (Mesxeti) klubunu 7:0 hesabı ilə darmadağın edən “Neftçi” daha sonra Tiflis “Dinamo”sunun futbol akademiyasının komandasına uduzaraq mübarizəni dayandırıb.
