6 iyun 2013 00:12
“Caspian Cup turniri bizim üçün yaxşı təcrübə oldu”
Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turniri çərçivəsində keçirilmiş Gürcüstan – Yaponiya matçından (0:0, penaltilərlə 3:5) sonra hər iki komandanın baş məşqçisi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, çalışdırıcılar bunları dilə gətiriblər:
Nodar Akobiya (Gürcüstan yığmasının baş məşqçisi): “Qol vəziyyətlərindən istifadə etmək baxımından problemlərimiz var. Bunun nəticəsidir ki, həm yarımfinalda, həm də 3-cü yer uğrunda oyunda belə vəziyyətlə üzləşdik. Amma turnirin komandam üçün faydalı olduğunu düşünürəm, çünki futbolçularım müxtəlif oyun üslubu sərgiləyən yığmalarla qarşılaşdı. Bizi oktyabrda Avropa birinciliyinin elit-raundunun oyunları gözləyir və bu turniri də hazırlıq prosesinin bir hissəsi kimi dəyərləndirmək olar. Yüksək təşkilatçılığa görə isə sizə xüsusi minnətdarlığımı bildirirəm”.
Yoşitake Hirofumi (Yaponiya yığmasının baş məşqçisi): "Taktiki baxımdan yaxşı hazırlaşmış komandaya qarşı oynadıq. Gürcüstan yığması müdafiəyə daha çox diqqət yetirib əks hücumlarda qol vurmağa çalışırdı. Hər iki komandanın cəhdlərinə baxmayaraq, qapılara qol vurulmadı. Penaltilər seriyasında isə hər iki komandanın şansları eyni idi. Caspian Cup turniri bizim üçün yaxşı təcrübə oldu. Dünyanın müxtəlif yığmaları ilə qarşılaşmaq imkanı qazandıq. Sevindirici haldı ki, turniri 3-cü pillədə başa vurduq".
