7 iyun 2013 00:12
Azərbaycan üçün ilk qələbə şansı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Lüksemburq seçməsi olacaq.
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki yeddinci oyunu olacaq. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Bu ilin ilk oyununda isə səfərdə Lüksemburqla qolsuz heç-heçəyə razılaşmalı olduq. Ən son olaraq Bakıda Portuqaliya ilə qarşılaşan futbolçularımız yenə də 2 cavabsız qola üzüldülər.
Lüksemburq yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində145-ci yeri tutur. Cırtdan ölkə təmsilçisi zəif rəqib təsiri bağışlasa da, yığmamız bu komandaya heç də yuxarıdan aşağı baxmamalıdı. Düzdü, reytinq cədvəlindəki yerinə görə millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 118-ci pillədə qərarlaşıb) bu rəqibindən xeyli öndədi. Amma bu, lüksemburqluları asanlıqla yenəyəcəyimiz anlamına gəlməməlidi. Baxmayaraq ki, qarşılaşma doğma divarlar arasında keçiriləcək.
Yığmamızın rəqibi cari seçmə tsikldə artıq beş oyununu arxada qoyub. Öncə Portuqaliyaya uduzan (1:2) cırtdan ölkə təmsilçisi ardından Şimali İrlandiya ilə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşıb. Lakin İsraillə görüşlərdə bu komanda heç nəyə nail ola bilməyib. Doğma divarlar arasında bu komandadan altı cavabsız qol buraxan Lüksemburq yığması Ramat Qanda baş tutan səfər görüşündə də 0:3 hesablı darmadağınla üzləşmişdi. Rəqibimizin növbəti xalı isə məhz Azərbaycan millisi ilə ev oyununda qazanılmışdı. Nəticədə cəmi 2 xalı olan lüksemburqlular F qrupunda sonuncu yerdə gedirlər. 2 qol vuran rəqibimiz 12 qola üzülüb.
Lüksemburq millisinə Lyuk Holts başçılıq edir. 43 yaşlı yerli mütəxəssis 2010-cu ildən etibarən bu yığmanı çalışdırır. O, bundan öncə Lüksemburqun gənclərdən ibarət yığmasını da çalışdırıb. Ona görə də Holts Lüksemburq yığmasının hazırkı üzvlərinin nəyə qadir olduğunu çox yaxşı bilir. Baxmayaraq ki, Azərbaycan yığması kimi, onun da komandası ciddi uğurları ilə seçilmir.
Lüksemburq Azərbaycan yığması üçün tanış rəqibdi. Özü də millimiz bu rəqib üzərində qələbə qazanmaq təcrübəsinə də malikdi. Belə ki, bu iki ölkə yığması arasındakı ilk matç yoldaşlıq görüşü çərçivəsində baş tutub. Elə 2010-cu ilin mart ayında Lüksemburqda baş tutan qarşılaşma yığmamızın 2:1 hesablı səfər qələbəsiylə başa çatıb. İndi yığmamız həmin uğurunu rəsmi oyunda da təkrarlamağa borcludu. Baxmayaraq ki, elə bu seçmə mərhələ çərçivəsində səfərdə keçirdiyimiz görüş 0:0 hesabıyla başa çatıb.
Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə üçüncü rəsmi oyununa çıxacaq. Qeyd etdiyimiz kimi, ilin ilk rəsmi sınağında yığmamız səfərdə Lüksemburqla qarşılaşıb və 0:0 hesablı heç-heçəyə razılaşıb. Düzdü, buna qədər komandamız iki yoxlama oyunu da keçirməyə imkan tapmışdı. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. Portuqaliya ev oyununda 0:2 hesabıyla uduzan təmsilçimizin son görüşü Qətərlə səfər matçı oldu ki, həmin qarşılaşmada da 1:1 hesabı qeydə alındı.
Lüksemburq ilə görüş seçmə mərhələdəki ilk qələbəmizi rəsmiləşdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Buna nail olsaq, qrup sonuncusu ilə xal fərqimizi də artırmağa nail olacağıq. Hansı ki, Lüksemburq da ilk qələbəsini məhz Bakıda qazanmaq arzusundadı. Bu baxımdan sözügedən oyunu qələbə həsrətində olan iki komandanın dueli saymaq olar. Millimizin ilk qələbəsi nəinki Lüksemburqdan uzaqlaşmağımıza, eyni zamanda Şimali İrlandiyanı da qabaqlamağımıza imkan verə bilər. Lüksemburq bu seçmə tsikldə ən zəif rəqibimiz olduğu üçün, hər kəs millimizdən yalnız qələbə gözləyir. Düzdü, hələ tsikl başlamamışdan yığmamızın bu rəqibindən altı xal alması gözlənilsə də, səfər oyunundakı heç-heçə bu planlarımızı korladı. Amma Bakıdakı oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu. Ən azından ona görə ki, ötən seçmə tsikldə qazanılan yeddi xallıq rekordu yeniləmək üçün Lüksemburqla görüşdə qələbə hava-su kimi vacibdi.
Təəssüf ki, yığmamız bu oyuna optimal heyətlə çıxa bilməyəcək. Çünki “Bakı”nın forvardı Rauf Əliyevlə “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Portuqaliya ilə oyunda aldıqları vərəqələrə görə cəzalı durumdadı. Bu azmış kimi yığmamızın düşərgəsinə qoşulsa da, sonradan zədəli olduğuna görə heyətdən çıxarılan Türkiyə “Sivasspor”unun hücumçusu Cihan Özkara da komandamıza kömək edə bilməyəcək. Eyni zamanda “Sumqayıt”da çıxış edən Pərdis Fərcad-Azad da zədəlidi və meydana çıxması sual altındadı. Rəşad Sadıqovla Maksim Medvedevin də kiçik zədələri var. Amma onların bu görüşdə meydana çıxmaq ehtimalı kifayət qədər yüksəkdi. İstənilən halda ümid edək ki, bu itkilər yığmamızın Lüksemburqu məğlub yola salmasına heç bir çətinlik yaratmayacaq.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 197-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 35-də qələbə qazanmışıqsa, 51-də də heç-heçə ilə təsəlli tapmışıq. 110 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 136 qol vurduğumuz halda, öz qapımızdan 341 top çıxarmışıq.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
7 iyun
21:00. AZƏRBAYCAN – LÜKSEMBURQ
Hakimlər: Mihay Fabian, İstvan Norbert Albert, Peter Berettyan, Sandor Ando-Szabo (Macarıstan).
Bakı. “Bakcell Arena”.
