7 iyun 2013 13:51
Simurq: kim oynadı, kim vurdu?
2012/13-cü il mövsümündə “Simurq”un baş məşqçisi Georgi Çixradze 26 futbolçuya şans verib. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasında bunlar arasında vaxt baxımından ən çox meydançada olan müdafiəçi Aleksandr Şemonayevdi. Zaqatalalı futbolçu 29 qarşılaşmada 2610 dəqiqə mübarizə aparıb. Yalnız XIII, XXVI turlarda sarı vərəqə limitini keçdiyindən və XXXI turda isə zədəli olduğundan komandaya kömək edə bilməyib. Saşa həmçinin Azərbaycan Kubokunun hər üç görüşündə də, əvəzlənmədən forma geyinib.
Keçirilən oyun sayı baxımından isə “Qarabağ”dan icarə əsasında heyətə qatılmış Murad Səttarlı hər kəsi qabaqlayıb. Gənc futbolçu 30 matçda forma geyinib. 1910 dəqiqə meydanda olan Murada Georgi Çixradze yalnız XVIII və XXIII turlarda şans verməyib. 11 görüşdə əvvəldən sona qədər oynayan gənc yarımmüdafiəçi, 8 qarşılaşmada əvəzlənib, 11 matçda isə sonradan meydana daxil olub.
26 futbolçu içərisində ən az şans veriləni son turda əvəzedici heyətdən əsas komandaya cəlb olunan Cavad Kazımov olub. Gənc yarımmüdafiəçi yalnız “Qarabağ”la oyunun bitməsinə 5 dəqiqə qalmış meydana daxil olub. Ondan sonra Rüstəm Abbasov gəlir. “İnter”dən icarə əsasında heyətə qatılan müdafiəçi elə ilk turda 13-cü dəqiqədə zədələnərək meydanı tərk edib.
Bu mövsüm “Simurq”un heyətində üç qapıçı yer alıb. “Neftçi”dən icarəyə götürülən Eyyub Əliyev əsas komandada oynamaq şansı qazanmasa da, əvəzedici heyətin əvəzedilməz oyunçusu olub. Təcrübəli Dmitri Kramarenko əsas qapıçı David Petrkeiviçin yoxluğunda “Simurq”un çərçivəsini qoruyub. Dörd görüşdə forma şansı əldə edən Dima, bu qarşılaşmalarda qapısından 3 qol buraxıb. Aleksandr Şemonayevdən sonra “Simurq”un heyətində ən çox meydanda olanlardan David Topaz Premyer Liqasında çıxdığı 28 oyunda qapısından 23, ölkə kubokunun 3 oyununda isə 1 qol buraxıb.
Başa çatmış mövsümdə “Simurq” un ən məhsuldar futbolçuları əsasən legionerlər olub. İlk sırada serbiyalı yarımmüdafiəçisi Mario Bojiç gəlir. Komandanın Premyer Liqada vurduğu 32 qolun 6-sı onun aktivindədi. Zdravko Popoviç də Mario qədər qol vurub. Ancaq xorvatiyalı forvardın XVIII turdakı fərqlənməsi rəqibə texniki məğlubiyyət verildiyindən qeydə alınmayıb. Bu səbəbdən Zdravko çıxdığı 27 görüşdə yalnız 5 dəfə rəqib qapıçılarını məyus edə bilib. Polşalı yarımmüdafiəçi Marçin Burhardın da hesabında 5 qol var. Onları 4 qolla Stepan Polyak izləyib. Xorvatiyalı yarımmüdafiəçi də aktivindəki qolların sayını beşə çatdıra bilərdi. Ancaq XXVII turda “Bakı” ilə görüşdə Polyakın penaltidən yararlana bilməməsi buna imkan verməyib. Zaqatala təmsilçisinin geridə qalan mövsümün ölkə kubokunda vurduğu yeganə qolun müəllifi isə Ruslan Poladov olub.
