8 iyun 2013 11:58
Cavadovla Subaşiç millinin növbəti oyununu buraxmalı olacaq
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyuna da ciddi itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, komandamızın növbəti qarşılaşması İsraillə olacaq.
Həmin görüşü birdən-birə iki hücumçu buraxmalıdı. Bunlardan biri Vaqif Cavadov, digəri Branimir Subaşiçdi. Onların hər ikisi ötən gün Lüksemburqla görüşdə cəzalı duruma düşdü. Vaqif seçmə mərhələdə ikinci sarı vərəqə aldığı üçün növbəti oyunu buraxmalıdısa, Subaşiç birbaşa qırmızı vərəqə aldığına görə hətta Şimali İrlandiya ilə ev oyununda da iştirak edə bilməyəcək. Çünki UEFA Branimiri buna görə iki oyunluq cəzalandıracaq.
Qeyd edək ki, yığmamız sentyabrın 6-da səfərdə İsraillə, oktyabrın 11-də isə Bakıda Şimali İrlandiya ilə üz-üzə gələcək.
