11 iyun 2013 14:59
Xorvatiya millisinin oyunçusu Azərbaycan klubunda
Transfer bazarının ən fəallarından olan qadınlardan ibarət “Lokomotiv” voleybol komandası növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, “Lokomotiv” bu dəfə Xorvatiya millisinin hücumçusu Katarina Barunla danışıqları müsbət yekunlaşdırıb.
30 yaşlı voleybolçu ilə illik rəsmi müqavilə bağlanıb. 194 santimetr boya malik K.Barun İtaliyanın “Villa Kortese” klubundan transfer olunub.
O, daha öncə “Mladost” (Xorvatiya, 2002-2005), “Karşıyaka” (Türkiyə, 2005-2006), “Foppapedretti” (2006-2007), “Çyeri” (2007-2008), “Novara” (hamısı İtaliya, 2010-2012) və “Tomis” (Rumıniya, 2009-2010) klublarında çıxış edib.
Ölkəsində iki dəfə çempion (2004, 2005) olmuş voleybolçu Çempionlar Liqasının, Rumıniya çempionatında ölkə kubokunun adını qazanıb. Həmçinin, 2012-ci ildə İtaliya kubokunun və son mövsümdə bu ölkənin Superkubokunun qızıl mükafatçısı olub.
