13 iyun 2013 00:35
Paytaxt klubunda yeni baş məşqçi
İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, fransalı Rudi Qarsiyadı.
Paytaxtın eyni adlı klubu bu mütəxəssislə iki illik müqavilə imzalayıb. O, bu postda Aurelio Andreadzolini əvəzləyib.
Qeyd edək ki, 49 yaşlı mütəxəssis əslində gənc sayılsa da, məşqçilik karyerasında xeyli klubda çalışıb. Futbolçu karyerasını başa vuran kimi - 1994-cü ildən 1998-ci ilə qədər həvəskarlardan ibarət “Corbeil-Essonnes”i çalışdıran Qarsiya 1999/2000 mövsümündən etibarən “Saint-Etienne” klubunda baş məşqçi köməkçisi olub. 2001-ci ildə isə bu komandanın baş məşqçisi olub. 2002-ci ildə “Dijon”un sükanı arxasına keçən mütəxəssis öncə bu komandanı Liqa 2-yə, növbəti il isə Liqa 1-ə çıxarıb. 2007-ci ildə o, “Dijon”u “Le Mans” klubuna dəyişsə də, burdakı fəaliyyəti bir il sürüb. 2008-ci ildən etibarən isə o, “Lille” klubunda çalışırdı. 2010/11 mövsümündə o, bu komanda ilə həm Fransa çempionu olub, həm də ölkə kubokuna yiyələnib.
