13 iyun 2013 13:53
Bakı ilə Lans arasındakı əməkdaşlığın detalları
“Bakı” bu həftə Fransanın “Lans” klubu ilə əməkdaşlıq haqda müqaviləyə imza ata bilər. Azerisport.az xəbər verir ki, hələlik müqavilənin şərtləri tam açıqlanmasa da, onlardan bəzisini öyrənə bilmişik.
Anlaşmaya əsasən bu klubun əsas investoru Hafiz Məmmədov olacaq. Müqavilənin əsas şərtlərindən biri bu komandaya azərbaycanlı futbolçuların cəlb edilməsiylə bağlıdı. Məsələn, ilk bir il ərzində Fransa klubuna 12 yeniyetmə azərbaycanlı futbolçu gedəcək ki, onlar yerli akademiyada təhsil alacaqlar.
Eyni zamanda əsas komandaya da bəzi futbolçularımızın getməsi mümkündü. Məsələn, “Bakı” “Lans”da 2-3 azərbaycanlı futbolçunun çıxış etməsini istəyir. Bu mənada Kamran Ağayev, Əfran İsmayılov, Elvin Məmmədov, Aqil Nəbiyev, Cavid Hüseynov kimi millimizdə də çıxış edən oyunçuların adları hallanır. Onlar Fransa klubu ilə təlim-məşq toplanışında olacaqlar, hansısa “Lans”ın baş məşqçisinin xoşuna gəlsə, Fransa çempionatında oynamaq şansı qazanacaq.
Madrid “Atletico”su ilə əməkdaşlıqda olduğu kimi, “Lans”ın da Bakıya gətirilməsi, iki klub arasında yoldaşlıq matçının keçirilməsi nəzərdə tutulub. Bundan əlavə “Feliks Bollar” stadionunda Azərbaycan bayrağı da asılacaq. Komandanın formalarında Azərbaycanla bağlı reklam yer alacaq. Hələlik bəlli olmayan başqa müddəaların da olduğu bildirilir.
Qeyd edək ki, “Lans”dan Liqa 1-ə qayıtmaq tələb olunur. Azərbaycan tərəfi bu yolda maliyyə dəstəyini əsirgəməyəcək və komandaya adlı-sanlı mütəxəssis cəlb edəcək. “Lans”ın azarkeşləri “Bakı”nın bu təşəbbüsünü kifayət qədər isti qarsalayıblar. Amma narazı olanlar da var. Məsələ burasındadı ki, Fransada yaşayan erməni diasporu bu əməkdaşlığa mane olmaq üçün əlindən gələni edir. Klub rəhbərliyi onların bu canfəşanlığına cavab olaraq bəyanat yayıb idmanla siyasəti qarışdırmamağı məsləhət bilsə də, onlar Fransa Futbol Federasiyasına, ölkənin idman nazirliyinə məktub ünvanlamaqdan da çəkinməyiblər.
Qeyd edək ki, “Bakı” ilə “Lans” arasındakı əməkdaşlıq müqaviləsi bu ayın sonuna qədər imzalanmalıdı.
