18 iyun 2013 12:03
Neftçi Vobayı tapa bilmir
Azərbaycan çempionu “Neftçi” aparıcı oyunçularından olan Julius Vobayı tapa bilmir. Azerisport.az xəbər verir ki, syerra-leoneli yarımmüdafiəçi Azərbaycan Kubokunun final oyunundan sonra yoxa çıxıb.
Paytaxt klubu onunla yeni müqavilə bağlamaq üçün danışıqlar masası arxasına əyləşmək istəsə də, Vobayı tapa bilmir. O, klubun düşərgəsiylə hətta telefon əlaqəsi də saxlamır. Ən maraqlısı isə ondan ibarətdi ki, bu futbolçunu hətta onun agenti də tapa bilmir. Bu üzdən də Vobayın gələcək aqibəti qaranlıq olaraq qalmaqdadı.
Maraq üçün bildirək ki, son dövrlər Vobayın adı Kiprin bir sıra klubları ilə yanaşı çəkilməkdədi. Amma “Neftçi” rəhbərliyi hələ də onun yolunu gözləyir.
