18 iyun 2013 17:56
Bakı Madrid Atleticosu ilə birgə toplanış keçəcək
“Bakı” növbəti mövsüm üçün hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxtın eyniadlı klubu hazırlıqlara gələn həftə start verəcək.
Qeyd edək ki, “zolaqlılar”ın yeni baş məşqçisi Milinko Pantiçin Bakıya iyunun 25-də gəlməsi gözlənilir. O, Azərbaycan payatxtına öz ispaniyalı köməkçiləri ilə gələcək. Öncə klub rəhbərliyi yeni məşqçilər korpusunu ictimaiyyətə təqdim edəcək. Daha sonra isə onlar komandanı təlim-məşq toplanışına yığacaqlar.
İyunun sonunda isə “Bakı” Avstriyaya yola düşəcək. Çünki komanda yeni mövsümə məhz bu ölkədə hazırlaşacaq. Ən maraqlısı isə odu ki, “zolaqlılar” burda əməkdaşlıq etdiyi İspaniyanın “Atletico” (Madrid) klubu ilə birgə toplanış keçəcək.
Pantiçin planlarına görə, komanda bu ölkədə 4-5 yoxlama oyunu keçirəcək. Hələlik həmin oyunlardakı rəqiblərin adları, eləcə də görüşlərin dəqiq tarixi bilinmir. Pantiç komandanın heyətinə qatmaq istədiyi yeni futbolçuları da məhz Avstriya toplanışı zamanı sınayacaq.
“Bakı”nın Azərbaycana çempionatın startına bir neçə gün qalmış qayıtması gözlənilir.
