19 iyun 2013 11:18
Millimizin forvardı rəsmən Türkiyə klubunda
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Branimir Subaşiç gələcək aqibətinə rəsmən aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, yığmamızın serb əsilli milliləşən forvardı növbəti mövsümdə Türkiyə PTT Birinci Liqasında çıxış edəcək.
O, gözlənildiyi kimi, “Orduspor”la anlaşıb. Tərəflər 2 illik rəsmi müqaviləyə imza atıblar. Bu barədə məlumatı klubun rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, Subaşiçin son klubu “Qarabağ” olmuşdu. O, Ağdam təmsilçisi ilə yanaşı Azərbaycanda “Neftçi”, “Qəbələ” və “Xəzər Lənkəran”da da çıxış edib.
Bütövlükdə isə, Subaşiç karyerası ərzində “Jeleznik”, “Sremčica”, “Oostende”, “Beauvais Oise”, “Chernomorets” (Odessa), “Amkar”, “Red Star”, “Changchun Yatai” kimi klubların da şərəfini qoruyub.
Branimir Azərbaycan yığmasında keçirdiyi 40 oyunda 7 qol vurub.
