20 iyun 2013 18:41
Rəvan da yeni mövsümün hazırlıqlarına başladı
"Rəvan” 2013/14 mövsümünün hazırlıqlarına rəsmən start verib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun yerli üzvləri həkim müayinəsindən keçdikdən sonra bu gün artıq məşqlərə başlayıblar.
Qeyd edək ki, legionerlər düşərgəyə 23-nə qədər qoşulacaq və onlar tibbi baxışdan ayın 24-də keçəcəklər.
İlk məşqə gəlincə, "Bayıl stadionu”nda baş tutan hazırlıqda heç də bütün yerli oyunçular iştirak edə bilməyib. Nodar Məmmədov, Tofiq Mikayılov, Bəxtiyar Soltanov, Hüseyn Axundov və Ramazan Abbasov hərbçilər arasında keçiriləcək dünya çempionatına hazırlaşan milli komandamızın heyətində yer aldığından onlar hazırlığın bir hissəsini buraxacaq. Belədə baş məşqçi Ramil Əliyev hazırlıqda əvəzedici komandadan bəzi oyunçuları, o cümlədən aşağı yaş qrupları üzrə komandalardan bir neçə futbolçunu sınayır.
Məşqin özü isə ilk olduğundan sakit məcrada cərəyan edib. Baş məşqçi futbolçuları artan templə hazırlamağı məqsədəuyğun bildiyindən bu gün yüngül məşq olub. Amma topla rəftara xüsusi diqqət ayıran Ramil Əliyev qapıya zərbələr, "kvadrat” və ikitərəfli oyunu da yaddan çıxarmayıb.
