23 iyun 2013 12:42
Neftçinin Demyanı transfer etmək istəyi baş tutmayacaq
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” slovakiyalı hücumçu Robert Demyanı heyətinə qatmaqda maraqlı idi. Lakin azerisport.az xəbər verir ki, paytaxt klubunun bu futbolçunu transfer etmək istəyi böyük ehtimalla baş tutmayacaq.
Məsələ burasındadı ki, Polşanın “Podbeskidzie” klubu son mövsümdə çempionatın bombardiri olmuş futbolçusunu heyətdə saxlamaq istədiyini bəyan edib. Onlar hətta Demyanın məvacibini artırmağa da razıdılar. Komandanın baş məşqçisi Çeslav Mişniyeviç yaxın günlərdə bu futbolçu ilə yeni müqavilə imzalayacaqlarını bəyan edib.
Qeyd edək ki, 1982-ci ildə anadan olmuş Demyan peşəkar karyerasında 2003-cü ildə “Trebişov” klubunda başlayıb. 2004-2006-cı illər aralığında isə o, “Puchov”da çıxış edib və 61 oyunda 8 qola imza atıb. 2006-cı ildə transfer olunduğu “Jijkov” klubunda 2010-cu ilə qədər çıxış edib və burda 13 oyuna 1 qolla yadda qalıb. 2010-cu ildən etibarən isə “Podbeskidzie”də top qovur. O, bu komandada 90 matçda 29 qol vurub.
