24 iyun 2013 19:16
Qarabağ üçün uğurlu ölkə
Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin də püşkü atılıb. Azerisport.az xəbər verir ki, “Qarabağ” – “Metallurg” (Skopye, Makedoniya) cütünün qalibi bu mərhələdə Polşanın “Piast” klubu ilə qarşılaşacaq.
Polşa “Qarabağ” üçün uğurlu ölkə sayılır. Belə ki, Ağdam təmsilçisi 2010/11 mövsümündə bu ölkənin güclü klublarından hesab olunan “Visla” ilə qarşılaşıb və rəqibi mübarizədən kənarlaşdırıb.
Həmin vaxt çoxları polşalıları favorit hesab etsə də, “Qarabağ” bunun əksini sübut etmişdi. Səfər oyununda 1:0 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri evdə də qələbəyə sevinmişdi – 3:2. “Qarabağ”ın heyətində “Visla”nın qapısına Vüqar Nadirov, Əfran İsmayılov, Rauf Əliyev və Rəşad Sadiqov yol tapmışdı.
