24 iyun 2013 17:16
İnter üçün avrokubokların debütantı
Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkü atıldı. Azerisport.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimizdən biri - “İnter” ilkin təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubu ilə qarşılaşacaq.
“Mariehamn” futbol klubu 1919-cu ildə yaradılıb. Finlandiyanın Aland adalarında yerləşən klub ev oyunlarını 4 min azarkeş tutumuna malik “Viklof Holdinq Arena”da keçirir.
“Mariehamn” ötən mövsüm Finlandiya çempionatında 4-cü pilləni tutub. Komanda cari mövsümdə 14 oyundan sonra 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb (6 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 22-21).
“Mariehamn” uzun illər aşağı liqalarda çıxış edib və 2005-ci ildə Finlandiya çempionatının güclülər dəstəsinə – Veikkausliqaya vəsiqə qazanıb. Həmin vaxtdan bu çempionatda mübarizə aparan “İnter”in rəqibi ilk dəfə avrokuboklarda çıxış edəcək.
“İnter”in rəqibinin baş məşqçisisi Pekka Liskidi. 59 yaşlı mütəxəssis 2003-cü ildən komandaya başçılıq edir.
Komandanın heyətində Finlandiya yığmasının bir neçə üzvü ilə yanaşı, Yamayka, Kanada, İsveç, Nigeriya, Yeni Zellandiya və Braziliyadan olan legionerlər çıxış edir.
