24 iyun 2013 17:45
Klublarımızın Avroliqanın ikinci təsnifat mərhələsindəki rəqibləri də bəlli oldu
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin də püşkü atılıb. Azerisport.az xəbər verir ki, klublarımızın da mərhələ adlayacaqları halda hansı komandalarla qarşılaşacağı artıq bəllidi.
Belə ki, “Qarabağ” ilk təsnifat mərhələsində Makedoniya “Metallurg”unu mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə Polşanın “Piast” klubu ilə üz-üzə gələcək. Ağdam klubu ilk mərhələdən fərqli, ikinci təsnifat mərhələsindəki ilk matçını evdə keçirəcək və cavab matçı üçün səfərə yollanacaq.
“İnter” ilk mərhələdəki rəqibini – Finlandiya “Mariehamn”ını keçəcəyi halda, “Celje” (Sloveniya) – “Tromse” (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək. “Qarabağ” kimi, “bankirlər” də növbəti mərhələdəki rəqibi ilə ilk oyununu evdə keçirməli olacaq.
“Xəzər Lənkəran” isə ilk mərhələdə Maltanın “Slieam Wanderers” klubunu keçəcəyi halda, İsrailin “Maccabi” (Hayfa) komandası ilə qarşılaşmalı olacaq. Özü də təmsilçimiz ilk matçı səfərdə keçirəcək ki, bu, “ağ-yaşıllar”ın üçüncü təsnifat mərhələsinə yüksəlmək şanslarının da kifayət qədər yüksək olmasından xəbər verir.
Avropa Liqası
İkinci təsnifat mərhələsi
Mariehamn (Finlandiya)/İnter – Celje (Sloveniya)/Tromse (Norveç)
Maccabi (Hayfa, İsrail) – Slieam Wanderers (Matla)/Xəzər Lənkəran
Metallurg (Skopye, Makedoniya)/Qarabağ – Piast (Polşa)
Qeyd edək ki, Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 18-də, cavab görüşləri isə ayın 25-də keçiriləcək.
