25 iyun 2013 15:22
Yığmamızın üzvü Türkiyə klubunda
21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Timur Temeltaş karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, adı “Galatasaray”la yanaşı çəkilən gənc futlolçumuz Super Toto 2-ci liqada mübarizə aparan “Altınordu” klubu ilə müqavilə bağlayb.
“Altınordu”nun futbol direktoru Murat Dizdar bununla bağlı açıqlamasında Timuru uzun müddətdi izlədiklərini və ailəsini İzmirə dəvət etdiklərini bildirib: “Ona bir çox klublardan təkliflər var idi. Ailəsi Kuşadasında qonağımız oldu və klubumuzla bağlı məlumat topladı. Bir-birimizə inandıq, hədəflərimiz üst-üstə düşdü və 3 illik müqavilə imzaladıq”.
Qeyd edək ki, Almaniyanın Köln şəhərində dünyaya gələn Timur 2000-ci ildən “Bayer”də futbolun sirrlərini öyrənməyə başlayıb. 2007-ci ilədək bu klubun müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edən futbolçu 2008-dən sonra 4 il “Aahen”də forma geyinib. Temeltaş ötən mövsüm “Kaiserslautern”in ikinci komandasında çıxış edib.
