27 iyun 2013 02:08
Xəzər Lənkəran: hücumçu axtarışı davam edir, qapıçı problemi həllini tapmaq üzrədi
“Xəzər Lənkəran” Avropa Liqasının startına qədər heyətini daha da gücləndirmək üçün çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, Lənkəran klubu tez bir zamanda braziliyalı qapıçı Duqlas Leytenin transferini rəsmiləşdirməyi hədəfləyib.
Onun adı komandanın Avroliqa üçün ilkin iştirak ərizəsinə salınsa da, futbolçunun özü ilə müqavilə imzalanmayıb. Bu üzdən də klub rəhbərliyi bu problemi mümkün qədər tez yoluna qoymağa çalışır ki, Avroliqa oyunlarında onun xidmətindən yararlana bilsin. Braziliyalı qolkiper komanda ilə hazırlaşmaqda davam edir.
Cənub təmsilçisi hücumçu axtarışlarını da davam etdirir. “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azadla danışıqlar müsbət sonuclanmadığı üçün, XL digər variantları gözdən keçirməyə başlayıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” hələlik Junior Nildo (AZAL), Zohair Benuahi (AZAL), Rasim Ramaldanov (Simurq) və Nikola Qliqorovun (Alki, Kipr) transferini həll edə bilib.
