27 iyun 2013 01:59
Hafiz Məmmədovun almaq istədiyi klubla bağlı şok qərar
“Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsorluq etmək istədiyi Fransanın “Lens” klubu yeni problemlə üzləşib. Azerisport.az xəbər verir ki, ciddi maliyyə problemləri olan, hazırda Liqa 2-də mübarizə aparan komanda Fransa Futbol Federasiyası tərəfindən sərt sanksiyaya məruz qalıb.
Fransa mətbuatının yaydığı məlumata görə, “Lens” klubunun başbilənləri növbəti mövsüm üçün zəruri olan maliyyə zəmanətini qarşı tərəfə təqdim edə bilmədiyindən, komanda Liqa 2-dən də uzaqlaşdırılır. Artıq müvafiq komissiya bu haqda sərt qərar da çıxarıb.
Amma “Lens”in hələ bu problemi yoluna qoymaq imkanı var. Belə ki, klubun yeni sahibləri müvafiq sənədləri Futbol Federasiyasına təqdim etsə, klub yenidən Liqa 2-yə qaytarılacaq.
Qeyd edək ki, Hafiz Məmmədovun sözügedən kluba sponsorluğu iyulun 5-nə kimi rəsmiləşməlidi. Həmyerlimizin hədəfi bu komanda Liqa 1-ə çıxarmaq, bu komandaya azərbaycanlı futbolçuları cəlb etmək, eləcə də “Lens”in formalarında “Land of Fire Azerbaijan” reklamından istifadə etməkdi.
