28 iyun 2013 19:54
Neftçi Volqaya məğlub oldu (YENİLƏNİB)
Avstriyada yay-təlim məşq toplanışını davam etdirən “Neftçi” bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini Rusiyanın “Volqa” klubu ilə görüşdə sınayıb.
Qarşılaşma Rusiya klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
Yoxlama oyunu
28 iyun
Neftçi – Volqa – 0:1
“Neftçi” oyuna aşağıdakı start heyəti ilə çıxıb: Saşa Stamenkoviç, İqor Mitreski, Elvin Yunuszadə, Mahir Şükürov, Denis Silva, Rəşad Sadiqov, Bruno Bertuççi, Juluis Vobay, Flavinyo, Araz Abdullayev, Bahodir Nasimov.
Birinci hissə “Neftçi”nin üstünlüyü şəraitində keçib və komandamız bir neçə təhlükəli qol vəziyyətləri yaradıb. Xüsusilə Abdullayevlə D.Silvanın təhlükəli zərbələri yaddaqalan olub. Amma rəqib qapıçı qola imkan verməyib.
“Neftçi” ikinci hissədə yalnız Stamenkoviçi heyətdə saxlayıb və digər oyunçuları əvəzləyib. Meydana Karlos Kardoso, Tərlan Quliyev, Erik Ramos, Slavik Alxasov, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Elşən Abdullayev, Nicat Qurbanov və Ernest Nfor çıxıb.
İkinci hissədə də “Neftçi”nin fərqlənmək şansları olub. Baxışda olan Nfor özünü yaxşı tərəfdən göstərə bilsə də, fərqlənməsi mümkün olmayıb. 75-ci dəqiqədə isə “Volqa” əks-hücumda hesabı açmağı bacarıb. Nəticədə, görüş Rusiya klubunun minimal hesablı qələbəsiylə bitib.
Qeyd edək ki, “Volqa” bundan öncə “Neftçi”nin Çempionlar Liqasındakı rəqibi olan Albaniyanın “Skenderbeu” klubu ilə də qarşılaşmış və 2:0 hesabıyla qalib gəlmişdi.
