28 iyun 2013 17:55
Hafiz Məmmədov: Lens ilə Çempionlar Liqasında uğur qazanmağı düşünürk
“Bakı”nın prezidenti Hafiz Məmmədov Fransanın “Lens” klubunu almaq istəməsindən, eləcə də digər hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, o, Fransa mətbuatına müsahibəsində komandanın Liqa 1-də və Çempionlar Liqasında uğurlar qazanmasına şərait yaratmaq istədiyini bəyan edib.
Özü də maraqlıdı ki, Fransa mətbuatı Məmmədovu artıq “Lens”in sahibi kimi təqdim ediblər: “Biz öz sözümüzü Avropada demək istəyirik. Klub prezidenti Jerve Martel bizim planlarımızı görəndə, gələcək perspektivləri müzakirə edəndə başa düşdü ki, “Lens” yeni səviyyəyə qalxa və çoxlu uğurlara nail ola bilər”.
Lakin Hafiz Məmmədov hələlik bütün planlarını açıqlamaq istəmədiyini də bildirib: “Biz hələlik “Lens” klubunu Liqa 1-ə qaytarmaq istəyirik. Bundan sonra isə Çempionlar Liqasında uğur qazanmağa çalışacağıq. Növbəti mövsüm komandanın hədəfi elitaya yüksəlmək olacaq. Bu, hazırda bizim əsas hədəfimizdi. Gələcək üçün daha çox hədəflərimiz var. Amma indi onların hamısını açıqlamaq istəmirəm”.
