28 iyun 2013 13:42
Denis İrvin: Azərbaycanlı uşaqların MY-də oynamaq şansı var
Xəbər verdiyimiz kimi, bu gün "Bakcell Arena"da AFFA və Bakcell şirkətinin rəsmilərinin, "Mançester Yunayted" futbol məktəbinin məşqçilərinin və MY yay futbol məktəbinin təlim-məşq toplanışında iştirak edən futbolçuların iştirakı ilə mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən MY-nin sabiq müdafiəçisi Denis İrvin bir sıra maraqlı fikirlər səsləndirib.
O, öncə bunları dilə gətirib: “Burda olduğuma görə şadam. Bakıya gecə gəldim. Amma gördüklərimdən razı qaldığımı deməliyəm. Uşaqlarınızın səviyyəsi kifayət qədər yüksəkdi”.
İrvinin sözlərinə görə, azərbaycanlı uşaqların “Mançester Yunayted”də oynamaq şansları var: “Konsentrasiya və arzunun olması vacibdi. Azərbaycanlıların İngiltərə Premyer Liqasında oynamaq şansı var. Amma buna görə öz üzərlərində daim işləmələri lazımdı”.
Layihə barədə danışan MY-nin sabiq ulduzu bunları söyləyib: “Biz dünyanın bir çox ölkələrində olmuşuq. Demək olar ki, səviyyə hər yerdə eynidi. Hər şey bu uşaqların necə inkişaf etdirilməsindən asılıdı. Biz də çalışırıq ki, əsas uşaqların özləri bu oyundan həzz alsınlar”.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov isə bunları dilə gətirib: “Biz 1000-ə yaxın uşağı yoxladıq. Onların arasından bu 32 uşağı seçdik. Onlardan biri də qızdı. Bu, bizi çox sevindirir. Mançesterə yollanacaq beş futbolçu toplanışlara cəlb olunacaq. Sonrası isə artıq MY-nin mütəxəssislərindən asılı olacaq. Hazırda danışıqlar davam edir. Mümkündü ki, İngiltərəyə 10 azərbaycanlı uşaq yollansın”.
“Bakcell”in rəsmisi Aynur Abjanova bəyan edib ki, bu səfər payıza qədər baş tutacaq: “Uşaqlarla yanaşı onların valideynləri də İngiltərə yollanacaqlar. Səfərin avqustdan oktyabra qədər baş tutmasına çalışırıq. Viza məsələlərini həll etmək lazımdı. Uşaqlara isə ingilis dilini öyrənməyi məsləhət görmüşük”.
