1 iyul 2013 01:33
“İspaniyada olan əksər futbolçular da Bakının möhtəşəm layihəsinin tərkib hissəsi olmaq istəyirlər”
İspaniya mətbuatı Milinko Pantiçin “Bakı”ya baş məşqçi təyin olunmasını xüsusi diqqət mərkəzində saxlayır. Azerisport.az sizi növbəti belə bir yazı ilə tanış edir.
Qeyd edək ki, bu yazıda Pantiçin “Bakı”dakı fəaliyyətinə toxunulub, eləcə də serb mütəxəssisin açıqlamalarına yer verilib.
"Milinko Pantiç “Bakı” futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. Serbiyalı mütəxəssis Azərbaycanın ən iddialı klublarlarından sayılan, İspaniyanın “Atletiko Madrid” komandası ilə əməkdaşlığa başlayan “Bakı”nın təklifini müsbət cavablandırıb. İlk səfərində mütəxəssis paytaxt Bakıda bir neçə gün qalaraq, klubla və qarşıdakı planlarla yaxından tanış oldu. İyunun 14-də isə yenindən Azərbaycana qayıdaraq, “Bakı”nın sükanı arxasına keçib və bu işdə bütün səlahiyyətlər ona verilib.
“Razlıq verməkdə bir qədər yubandım. Amma “Atletiko Madrid”ə gəldikdən və Migel Anxellə görüşdükdən sonra, “yox” deyə bilməzdim. Bu, qardaş klubla nəzərdə tutulan olduqca böyük və maraqlı layihədi. Həmin layihə gələcəkdə daha da inkişaf etdirilməlidi. Mən də ümumi işə kömək etmək üçün burdayam. Şübhəsiz ki, bu layihə mənim üçün də təcrübə artırmaq baxımından bilavasitə önəmli olacaq”.
“Atletiko Madrid”in keçmiş qəhrəmanı bir zamanlar bu komandanın heyətində qızıl dubla imza atıb. İndi isə mütəxəssis “Bakı” ilə 1 illik müqavilə bağlayıb. Bu işdə ona Jayme Felipe Monro və Mario Fernandes kömək edəcək. Qeyd edək ki, Pantiç adları çəkilən şəxslərlə “Atletiko Madrid” Fondunda da birgə çalışırdı.
“Görülməli olan çox işlər var. Bura cümə günü gəldim və vaxt itirmədən layihəni icra etməyə başladım. Gündə 24 saat çalışırıq. Etiraf edim ki, bir çox şey dəyişilməlidi. Daha yüksək inkişafa nail olmaq üçün çalışmalıyıq. Biz kluba yaxın olan insanlarla (həkimlər, geyim meneceri, fizioterapevtlər və s.) söhbət etdik və onlarla müəyyən müzakirələr apardıq. Hər kəs inkişaf etmək istəyir və məqsədə nail olmaq üçün mübarizə aparmağa hazırdı. Mən çox pozitiv bir insanam və inanıram ki, biz buna nail olacağıq. “Atletiko Madrid” mənə etimad göstərdiyini bir daha nümayiş etdirdi. Zənnimcə hər iki komanda bu əməkdaşlığı və nəzərdə tutulan layihəni özünəməxsus iş prinsipi və fəaliyyəti ilə fərqlənən insana həvalə etmək istəyir”.
“Atletiko”da gənclərlə çalışan Pantiç həmçinin “Bakı”nın yeniyetmə və gənc oyunçularına futbolun sirlərini öyrədən məşqçilərə nəzarəti də öz üzərinə götürüb: “Hələ ki, “A” komandası ilə məşğuluq. Lakin biz, akademiyada çalışan insanlara da ciddi yanaşmalıyıq. Çünki gələcək uğurlara aparan yol məhz ordan başlayır. Buna görə də, imkan dərəcəsində çalışacam ki, gənclərdən ibarət komandaların bütün məşqlərini və oyunlarını izləyim. Hazırda yeddi gənc futbolçu əsas komanda ilə birgə çalışır. Odu ki, hər kəsin işini qiymətləndirmək üçün kifayət qədər vaxtımız var”.
Pantiçin qarşısında duran əsas məqsəd həmçinin bu layihə çərçivəsində ortaya çıxan bütün məsələlərə aydınlıq gətirməkdi: “Öncə səmərəli iş planı qurmalı və hər şeyi sıfırdan başlamalıyıq. Mən burada olan ən yaxşı oyunçuları seçmək üçün onları meydanda görməliyəm. Bəzi furbolçular milli komandanın düşərgəsindədi və iyulun 18-də bizə qoşulacaqlar. Buna görə də, tələsik qərar vermək istəmirəm. Əminəm ki, hazırda İspaniyada olan əksər futbolçular da bu möhtəşəm layihənin tərkib hissəsi olmaq istəyirlər”.
Sonda serbiyalı məşqçi Bakı ilə bağlı təəssüratlarını da bölüşüb: “Şəhər məni sözün əsl mənasında təəcübləndirdi. Bu, inkişaf edən, öz gözəlliyi, rahatlığı ilə seçilən və insanı onunla daha yaxından tanış olmağa vadar edən bir şəhərdi”.
Milinko Pantiçin tərcümeyi-halı
Milinko Pantiç Smiljaniç 5 sentyabr 1966-cı ildə, keçmiş Yuqoslaviyanın Loznitsa şəhərində dünyaya göz açıb. O, 1995-1996-cı illər mövsümündə İspaniyanın “Atletiko de Madrid” komandasında çıxış edib. Futbolçu kimi peşəkar karyerasına isə Yuqoslaviyanın “Yedinstvo” kollektivində başlayıb, daha sonra paytaxtın “Partizan” klubuna transfer olunub. “Atletiko”da nümayiş etdirdiyi möhtəşəm performansdan öncə, Pantiç, Yunanıstanın “Panionis” klubunda mükəmməl çıxışı ilə tarixi iz qoyub. O, klubda keçirdiyi 4 mövsüm ərzində hər il ən sərrast futbolçu adına layiq görülüb. Əlbəttə ki, bu cür futbolçu diqqətdən kənar qala bilməzdi və o, tezliklə “Atletiko”ya transfer olunur. Həmin tarixi hadisədən 17 il ötməsinə baxmayaraq, Pantiçin indiyə qədər “zolaqlılarla” möhtəşəm dostluq əlaqəsi var. “Atletiko”nun 1995-1996 illər mövsümündə qızıl dublla yadda qalmasında Pantıçın böyük rolu olub. Onun möhtəşəm otürmələri, cərimə zərbələri və uzaq məsafədən qapıya endirdiyi mükəmməl zərbələr hələ uzun müddət azarkeşlərin yaddaşından silinməyəcək. 1999 ildə “Atletko”nun sıralarını tərk edən Pantiç komandada olduğu müddət ərzində 139 oyunda meydana çıxıb və 38 qola imza atıb. 2000-ci ildə isə o, ümumiyyətlə karyerasını bitirmək qərarına gəlib. Lakin doğma komandasından ayrıla bilməyən artıq veteran futbolçu 2003-cü ildə yenidən kluba qayıdaraq, “Atletiko Madrid”in tərkibində gənclər və yeniyetmələr üçün yaradılan məktəblərin texniki idarəetmə qrupuna başçılıq edib. O, bu vəzifədə 7 il çalışıb. Müəyyən təcrübə yığdıqdan sonra isə həyatı boyu arzuladığı məşqçilik fəaliyyətinə başlayıb. Lakin bu işlə paralel fiziki formasını da saxlamağa çalışan Pantiç, tez - tez klubun veteranlardan ibarət komandasında çıxış edir, keçmiş illəri yada salırdı.Nəhayət, 2011-ci ilin may ayında Milinko Pantic “Atletiko” Madrid”in “B” komandasının baş məşqçisi təyin edilir. Bu vəzifədə o, Antonio Rivası əvəz edir. (Bakı)
