1 iyul 2013 01:52
Simurq ilk oyunda uduzdu (FOTOREPORTAJ)
“Simurq” yeni mövsümə hazırlıqlarını Kartepede davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komanda qardaş ölkədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirdi.
“Spartak”la (Nalçik) üz-üzə gələn Georgi Çixradzenin yetirmələri görüşdən minimal hesabla məğlub ayrılıb.
İlk hissədə Zaqatala təmsilçisi rəqibdən üstün oyun numayiş etdirsə də, hesabı aça bilməyib. 39-cu dəqiqədə Rövşən Əmiraslanov qapıçı ilə təkbətəkdən məğlub ayrılıb. Rəqibin qapıçısı yaxşı oynayaraq topun tora daxil olmasına imkan verməyib.
Fasilədən sonra isə baş məşqçi dəyişikliyə gedərək əsasən gənclərə şans verib. Onlar isə sona qədər bu üstünlüyü qoruya bilməyiblər. Nəticədə 70-ci dəqiqədə rəqib Arsen Qoşakovun qolu sayəsində görüşdə önə keçib və qarşılaşma bu hesablada başa çatıb.
Zaqatala təmsilçinin Kartepedeki növbəti rəqibi isə Gürcüstanın “Dila” klubu olacaq. Görüş iyulun 3-də “Green Park” otelinin meydançasında keçiriləcək.
“Simurq” bu gün bir məşqə çıxacaq. Səhər hazırlığından sonra Georgi Çixradze yetirmələrinə istirahət verəcək.
