3 iyul 2013 11:28
Simurq Dila ilə oyuna hazırdı (FOTOREPORTAJ)
"Simurq" yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi ötən gün iki məşqə çıxıb.
Komanda səhər çalışmasına fiziki gücün artırılması ilə başlayıb. Uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında "sarı-qaralar" tapşırıqları yerinə yetirib. Daha sonra isə taktiki və texniki çalışmalara keçirilib. Xüsusən hücum təşkili və sonunçu zərbələr üzərində məşq edilib. Mövsümün sonunda müqaviləsinin müddəti bitdiyinə görə komanda ilə yollarını ayıran Anderson Oliveyra məşqçilər korpusunun qərarı əsasında yenidən geri çağırılıb. Braziliyalı müdafiəçi dünəndən məşqlərə başlayıb. Yaxın günlərdə onunla yeni müqavilə imzalanacaq.
Axşam məşqində isə "Simurq" növbəti yoldaşlıq görüşünə hazırlıq çərçivəsində məşq edib. Qaçış və isinmə hərəkətlərindən sonra "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Qeyd edək ki, Zaqatala təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək. "Dila" ilə qarşılaşacaq komandanın oyunu Bakı vaxtı ilə 19:30-da start götürəcək. Qarşılaşma "Simurq"un məskunlaşdığı "Green Park" otelinin meydançasında keçiriləcək.
