3 iyul 2013 12:28
UEFA Qarabağın rəqibinə texniki məğlubiyyət verəcək?
Xəbər verdiyimiz kimi, Makedoniyanın “Metallurg” klubunun azarkeşləri Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirilən oyun zamanı xoşagəlməz hərəkətlə yadda qalıblar. Azerisport.az xəbər verir ki, makedoniyalı tərəfdarlar Ağdam klubunun hollandiyalı hücumçusu Leroy Corcu irqçi şüarlarla təhqir ediblər.
Belə ki, oyuna sonradan qoşulan qaradərili forvardın topa hər toxunuşu zamanı meydan sahibləri müxtəlif meymun səsləri çıxarıblar.
Lakin bu, Makedoniya təmsilçisinə baha başa gələ bilər. Belə ki, “Metallurg”a texniki məğlubiyyət verilməsi mümkündü. Əgər bu məqam hakimlər tərəfindən oyunun protokoluna qeyd olunsa, o zaman rəqib komandanın böyük məbləğdə cərimə olunması ilə nəticələnə bilər.
Bəzi hallarda belə irqçi şüarlara görə, UEFA komandalara texniki məğlubiyyət də verir. Lakin bu, hakimlərin irqçi şüarlar zamanı iki dəfə oyunu dayandırıb, xəbərdarlıq etməsi halında baş verir. Baxmayaraq ki, matç zamanı hakimlər görüşü dayandırmağa ehtiyac duymamışdılar. Hər halda qitə futbol qurumunun bu hadisə ilə bağlı hansı qərarı çıxaracağı maraqla gözlənilir.
