3 iyul 2013 15:51
Nfor: Kortrijk Neftçidən mənə görə 250 000 avro tələb edir
Azərbaycan çempionu “Neftçi”nin Belçikanın “Kortrijk” klubunun hücumçusu Ernest Nforun keçidini hələ də rəsmiləşdirə bilməyib. Azerisport.az xəbər verir ki, paytaxt klubu kamerunlu forvardı bir şərtlə heyətinə qatmaqda maraqlıdı ki, Nfor Belçika klubu ilə yollarını tam ayırsın və onunla azad agent kimi müqavilə bağlasın.
Bu məqsədlə Nfor “Neftçi”nin Avstriyadakı düşərgəsini tərk edərək, Belçikaya gedib. Amma onun bu yöndə cəhdləri hələ ki, bəhrəsizdi. Belə ki, “Kortrijk” onu buraxmaq istəmir.
Bu barədə Nfor özü Belçika mətbuatına açıqlama verib. Onun sözlərinə görə, hazırkı klubu Azərbaycan çempionundan böyük məbləğdə pul tələb edir: “Onlar mənə görə 250 min avro tələb edirlər. Amma bu məbləği heç kim ödəmək istəmir”.
Qeyd edək ki, Nforun xidmətində Belçikanın “Bergen” klubu da maraqlıdı. Amma onlar da “Neftçi”ylə oxşar vəziyyətdə qalıblar.
Kamerunlu hücumçunun “Kortrijk”dən ayrılmaqda maraqlı olması komandada ona münasibəti də dəyişib. Belə ki, Nfor Avstriyadan döndükdən sonra komandanın sıralarına qoşulmaq istəsə də, onu stadionun təhlükəsizlik xidmətinin işçiləri içəri buraxmayıblar.
Maraq üçün bildirək ki, Nforun “Kortrijk”lə müqaviləsinin müddəti gələn ilin iyun ayında başa çatacaq.
