4 iyul 2013 11:45
Cihan Özkara bu gün Karlosun rəhbərliyi altında hazırlığa başlayır
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın heyətində çıxış etdiyi “Sivasspor” yeni mövsüm hazırlıqlarına bu gün başlayacaq. Azerisport.az xəbər verir ki, artıq Türkiyə klubunun braziliyalı baş məşqçisi Roberto Karlos Sivas şəhərinə gəlib.
Bakı vaxtı ilə saat 20:00-da “Sivasspor”un futbolçuları Karlosun rəhbərliyi altında klubun bazasında bir araya gəlib, yeni mövsümün hazırlıqlarına start verəcək.
Qeyd edək ki, “qırmızı-ağlar” iyulun 4-dən 13-nə qədər hazırlıqlarını Sivasda davam etdirəcək. 2 gün istirahətdə olacaq futbolçular ayın 15-də yenidən toplanacaqlar. Daha sonra Özkaranın komandası Hollandiyaya yollanacaq. “Sivasspor” bu ölkədə avqustun 2-nə qədər məşq keçəcək və toplanış ərzində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Karlosun yetirmələri Hollandiyadan qayıtdıqdan sonra hazırlıqlarını doğma şəhərdə davam etdirəcəklər.
