5 iyul 2013 00:23
Neftçiyə 2 qol vuran alman klubu Skenderbeunu darmadağın etdi
Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasının ikinci təsnifat mərhələsində rəqibi olan Albaniyanın “Skenderbeu” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Albaniya çempionu toplanış çərçivəsindəki dördüncü yoxlama oyununda Almaniyanın “Energie Cottbus” klubu ilə qarşılaşıb.
Nə qədər maraqlı olsa da, ötən gün “Neftçi” də bu komanda ilə görüşmüşdü və 0:2 hesabıyla uduzmuşdu. “Skenderbeu” isə “Energie Cottbus”la görüşdən 4 cavabsız qolla məğlub ayrılıb.
Qeyd edək ki, “Skenderbeu” bundan öncə Rusiyanın “Terek” və “Volqa” klublarına eyni hesabla uduzmuşdu - 0:2. Ukraynanın “Şaxtyor” klubu ilə görüş isə albanların 0:7 hesablı darmadağını ilə başa çatmışdı. Albanlar yalnız yerli “Wacker Innsbruck” klubu ilə qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olublar.
