4 iyul 2013 14:51
Neftçinin almaq istədiyi futbolçu Belçikanı bir-birinə qatdı
Belçikanın “Kortrijk” klubunun baş direktoru Patrik Turk və komandanın baş məşqçisi Heyn Vanhazebruk kamerunlu hücumçu Ernest Nfordan polisə şikayət ediblər. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən futbolçunun onları ölümlə hədələməsi səbəb göstərilir.
Məlum olduğu kimi, Nfor Azərbaycan çempionu “Neftçi”nin transfer siyahısındadı. O, bir müddət öncə komandamızın Avstriyadakı toplanışında olmuş, bir neçə məşqə çıxmışdı. Amma Nforun “Kortrijk”lə daha bir il müqaviləsi olduğundan, “ağ-qaralar” onu yalnız azad agent statusu alacağı halda transfer edəcəyini açıqlamışdı. Bu üzdən kamerunlu oyunçu klubu ilə problemini yoluna qoymaq üçün Belçikaya dönmək məcburiyyətində qalmışdı.
Amma Nfor Belçikada nəinki problemini yoluna qoyub, əksinə başına daha böyük iş açıb. Belə ki, o, klubun baş direktoru Patrik Turkla məsələni müzakirə edərkən, qalmaqal yaranıb. İstəyinin qarşı tərəfdən müsbət qarşılanmadığını görən Nfor Turka qarşı zor tətbiq edib. Bu barədə baş direktor özü məlumat verib:
“Nforu “Neftçi” ilə yanaşı, “Bergen” və “Waasland-Beveren” də istəyir. Onlar hətta bu futbolçuya görə tələb etdiyimiz transfer məbləğini (250 min avro – azerisport.az) də ödəməyə hazır idilər. Amma Nfor özü “Neftçi”yə keçmək istədiyini dedi. Görünür orda ona daha çox pul təklif edirlər. “Neftçi” isə heç bu transfer məbləğinin yarısını da ödəmək istəmir. Mən Ernestə sakitcə başa salmağa çalışdım ki, öz klubunun maraqlarını qoruması vacibdi. Amma o, mənə hücum etdi və dava düşdü. Mən də qorunmalı oldum. İki əməkdaşımız olaya müdaxilə etdi, onu otaqdan çıxardılar. O, mənimlə yanaşı, baş məşqçimiz Heyni və ailəsini də ölümlə hədələyib. Bu üzdən də biz polisə müraciət etməli olduq və şikayətimiz qəbul olundu”.

Maraq üçün qeyd edək ki, Nfor artıq “Kortrijk”in məşqlərinə də buraxılmır. Stadionun təhlükəsizlik xidmətinin işçiləri ona qapını belə açmırlar.
Nfor da bu məsələyə münasibət bildirib. O, Belçika mətbuatına açıqlamasında bunları söyləyib: “Bu, sadəcə onların oynadığı “oyunun” bir tərkib hissəsidi. Mənim vəkilimin klubla görüşü olacaq. Baxaq, görək nə olur”.