4 iyul 2013 15:44
Con Toşak Malta çempionu ilə sınaq matçının keçirilməsini istəmir
Xəbər verdiyimiz kimi, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta “Sliema”sı ilə ilk oyundan (1:1) sonra bu ölkədə qalıb, daha bir həftə hazırlıq keçməyi planlaşdıran “Xəzər Lənkəran” burda bir sınaq matçı da planlaşdırıb. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” son Malta çempionu “Birkirkara” ilə qarşılaşmaya dair razılığa gəlib.
Amma bu oyunun baş tutmasını özü istəyən Con Toşak indi də qarşılaşmanın keçirilməsində tərəddüd edir. Məsələ burasındadı ki, oyun “Sliema” ilə görüşdə olduğu kimi, süni örtüklü arenada keçiriləcək. Heyətdə onsuz da zədəlilərin olduğunu nəzərə alan uelsli mütəxəssis isə növbəti itkilərlə üzləşməmək üçün matçın keçirilməməsini istəyir.
Bu üzdən də sözügedən oyunun keçirilməsi hələlik sual altındadı. Oyunun keçirilməsinə dair qarşı tərəflə razılığa gəldiklərinə görə cənublular fərqli qərar qəbul edə bilmir.
