5 iyul 2013 16:32
AÇ-də iştirak edəcək milli komandamız üçün düşərgə təşkil olundu (FOTOLAR)
UEFA İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycanda 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu çempionatda ev sahibi statusu ilə çıxış edəcək Azərbaycan U-17 yığmasının heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turniri təşkil olunmuş və bu turnirin oyunlarını seleksiyaçı-məşqçilər izləmişdilər.
Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib. Komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə AFFA tərəfindən bu gündən etibarən Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində düşərgə təşkil olunub.
İyulun 19-dək davam edəcək düşərgədə keçiriləcək məşqlərin cədvəli də hazırlanıb. Qeyd edək ki, məşqlərdən əlavə, futbolçuların boş vaxtlarını səmərəli keçirməsi üçün film nümayişi, intellektual və əyləncəli oyunlar, həmçinin digər maraqlı tədbirlər təşkil olunacaq.
