11 iyul 2013 00:11

Klublarımızın Avroliqadakı taleyinə aydınlıq gəlir

Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən klublar da növbəti oyunlarına çıxacaqlar.
 
Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avroliqada “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” təmsil edir. Ağdam klubu Avroliqada oynamaq hüququna Premyer Liqamızın gümüş, “İnter” bürünc mükafatçısı, Lənkəran klubu isə ölkə kubokunun finalçısı olaraq yiyələnib. “Qarabağ” Avroliqanın ilkin təsnifat mərhələsində Makedoniya “Metallurg”u (Skopye), “bankirlər” Finlandiya “Mariehamn”ı, Lənkəran təmsilçisi isə Maltanın “Sliema” komandası ilə mübarizə aparır.
 
Təmsilçilərimizin ikisi avrokubok mövsümünə rəqib meydanında start verdi. “Qarabağ” “Metallurg”a səfərdə 1:0 hesabı ilə qalib gəldi ki, bu üzdən Qurban Qurbanovun çalışdırdığı komandanın növbəti mərhələyə adlamaq şansları daha yüksək qiymətləndirilir.
 
“Xəzər Lənkəran” da “Sliema” ilə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdı ki, əslində bu nəticə də “ağ-yaşıllar”ın növbəti mərhələyə adlaması üçün münbit şərait yaradıb. Baxmayaraq ki, çoxları Con Toşakın komandasından cütün taleyini elə səfər matçında həll etməsini gözləyirdi. Hər halda doğma meydanda cənub təmsilçisinin bu rəqibini keçəcəyinə şübhə edənlər çox azdı.
 
Bu iki komandamızdan fərqli “İnter” avrkuboklar mövsümünə Bakıda start verdi. Amma erkən qol vurmasına baxmayaraq, Kaxaber Sxadadzenin yetirmələri debütantla qarşılaşmada qələbəni əldən verdi. Nəticədə, evdə daha çox rəqibin işinə yarayan 1:1 hesablı heç-heçəyə razılaşan “bankirlər”in durumu indi çox çətindi. Hər halda çətin səfər matçında növbəti mərhələyə adlamaq üçün paytaxt klubu ikiqat güc sərf etməli olacaq.
 
Onu da qeyd edək ki, klublarımızın hamısı Avroliqanın püşkatma mərasimi zamanı “səpələnmişlər” səbətindən çıxdığı üçün, rəqibləri özlərinə nisbətən daha zəiflərin – “səpələnməmişlər”in arasından seçilib. Məhz bu üzdən azərbaycanlı futbolsevərlər klublarımızın ən azı birinci mərhələni keçəcəyinə demək olar ki, şübhə etmirlər. Əks halda bu, mərhələ keçə bilməyən klubumuz üçün çox ciddi uğursuzluq kimi qiymətləndiriləcək. Odu ki, həm “Qarabağ”la “Xəzər Lənkəran”, həm də işi xeyli çətin olan “İnter” bunun üçün maksimum güc sərf etməyə borcludu.
 
Yeri gəlmişkən qeyd edək ki, avrokuboklarda mübarizə aparan Azərbaycanın bütün klubları ilə onların ilk rəqibləri arasında böyük səviyyə fərqi var. Bunu UEFA-nın klub reytinqi də isbatlayır. Avroliqadakı təmsilçilərimizdən ən reytinqlisi “Qarabağ”dı. 228-ci pillədə olan Ağdam təmsilçisi Makedoniya “Metallurg”unu 125 pillə qabaqlayır. 322-ci pillədə olan “Xəzər Lənkəran”la Malta “Sliema”sı arasındakı fərq nisbətən azdı. Hazırda “Sliema” 81 pillə geridə - 403-cü mövqedə yer alıb. 294-cü pillədə olan “İnter”in rəqibi isə 450 komandanın yer aldığı UEFA reytinqinə ümumiyyətlə düşməyib. Bu, bir daha sübut edir ki, klublarımızın sözügedən komandaları keçə bilməməsi əsl faciə kimi dəyərləndirilməlidi.
 
Klublarımızın Avroliqaya pis hazırlaşmadığını da qeyd etmək yerinə düşərdi. İyunun 13-dən Türkiyəyə gedən “Qarabağ” ilk matçın son günlərinə qədər orda davamlı təlim-məşq toplanışında idi və bu müddət ərzində bir neçə transfer də həyata keçirdi. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Əfran İsmayılov, Emin İmaməliyev, Zaur Həşimov, Elnur Abbulov, Kristian Torres, Emeka Opara, Bəxtiyar Soltanov, Vaqif Cavadov və Branimir Subaşiçlə yollarını ayıran “Qarabağ” hələlik dörd transfer həyata keçirib. Daha doğrusu son mövsümü icarə əsasında “Simurq”da keçirən Murad Səttarlını geri qaytaran Ağdam təmsilçisi Hollandiyanın “Nijmegen” klubundan Leroy Corcu, Almaniyanın “Bohum” komandasından Nikolas Gelaşvilini və İordaniyanın “Shahab Al Ordon” klubundan Ulrix Kapolonqonu heyətinə qatıb.
 
Qurban Qurbanovun komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:
 
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 89. Miro Varvodiç.
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov.
Yarımmüdafiəçilər: 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə.
Hücumçular: 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İsgəndərov, 22. Tural Rzayev, 88. Ulrix Kapolonqo.
 
Hazırlıqlara bütün klublarımızdan tez başlayan “İnter” öncə Türkiyədə təlim-məşq toplanışında oldu, bir yoxlama görüşü keçirdi. Kiçik fasilədən sonra isə paytaxt təmsilçisi Avstriyaya yollandı ki, burda yoldaşlıq görüşlərinin keçirilməsinə daha çox önəm verildi. Hazırlıq prosesi zamanı “bankirlər” bir neçə transfer də həyata keçirib. Düzdü, bu yay komandadan gedənlər də az olmadı. Robertinyo, Vladimir Levin, Petar Zlatinov, Tales Şütz, Revaz Tevdoradze, Georgi Adamiya, Valeri Abramidze, İliya Kandelaki, Nizami Hacıyev, İbrahima Niasse, Aleksandr Qross, Yuri Fomenko kimi futbolçuları yola salan Bakı təmsilçisi əvəzində Səlahət Ağayevi, Asif Mirilini, Rüstəm Abbasovu icarədən qaytardı. Üstəlik Vaqif Cavadov, Aleksandr İaşvili, Matiya Şpiçiç, Mikel Alvaro, İvan Benites, Laşa Salukvadze kimi yeni futbolçular transfer olunub.
 
Kaxaber Sxadadzenin komandası UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə bu futbolçuların adlarını daxil edib:
 
Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov;
Müdafiəçilər: 2. Azər Salahlı, 3. Laşa Salukvadze, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 15. Matiya Spiçiç, 20. Brüs Abdulay, 29. Ruslan Cəfərov, 87. Camal Hacıyev;
Yarımmüdafiəçilər: 5. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 10. Daniel Genov, 11. Asif Məmmədov, 13. Mirsayib Abbasov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek, 91. Coşqun Diniyev;
Hücumçular: 6. Samir Zərgərov, 9. Aleksandr İaşvili, 17. Ramil Mansurov, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov.
 
“Xəzər Lənkəran” haqda da eyni sözləri demək olar. Lakin Con Toşakın komandası hazırlıqlara bir qədər gec start verdi. “Ağ-yaşıllar” iyun ayının 20-dən etibarən Almaniyanın Bad Göqqinq qəsəbəsində yay təlim-məşq toplanışında idi. Ayın 29-da burdakı son məşqinə çıxan təmsilçimiz Almaniyadan birbaşa Maltaya yola düşdü. Cənub təmsilçisinin hazırlıq üçün vaxtı az olsa da, heyətini demək olar ki, formalaşdıra bilib. Roberto Alviz, Lusiano Olguin, Dimitrios Sialmas, Gökhan Güleç və Akif Tağıyevlə yollarını ayıran “Xəzər Lənkəran” Duqlas Leyte, Junior Nildo, Zohair Benuahi, Rasim Ramaldanov və Nikola Qliqorovla güclənib ki, məhz bu amil “ağ-yaşıllar”ın uğur zəmanəti sayıla bilər.

“Xəzər Lənkəran”ın Avroliqa üçün iştirak ərizəsində isə bu futbolçular yer alıblar:
 
Qapıçılar: 25. Orxan Sadıqlı, 30. Toni Doblas, 33. Duqlas Leyte;
Müdafiəçilər: 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Rasim Ramaldanov, 8. Eder Bonfim, 21. Radomir Todorov, 27. Manuel Skarlatake;
Yarımmüdafiəçilər: 7. Sadio Tounkara, 9. Uğur Pamuk, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 23. Nikola Qliqorov, 99. Marin Orsuliç;
Hücumçular: 12. Junior Nildo, 17. Kazım Kazımlı, 55. Ağabala Ramazanov.
 
Göründüyü kimi, komandalarımızın özlərindən heç də güclü olmayan rəqiblərini keçməsi üçün əslində ciddi bir səbəb və ya problem yoxdu. Sadəcə, təmsilçilərimizin işə məsuliyyətlə yanaşması, rəqiblərə yuxarıdan aşağı baxmaması yetərlidi. Həm “Qarabağ”, həm də “Xəzər Lənkəran” cütün taleyini doğma azarkeşlərinin gözü önündə həll etmək şansına malikdi. “İnter” isə evdə bacarmadığını səfərdə həyata keçirməyə məcburdu.
 
Sonda klublarımızın rəqibləri barədə də bir qədər məlumat vermək istərdik. Məsələn, “Metallurg” “Qarabağ” üçün tanış rəqibdi. Ağdamlılar 2010/11 mövsümündə bu komandanı mübarizədən kənarlaşdırmağı bacarıb. “Qarabağ”ın rəqibi ilk dəfə məhz 2009/10 mövsümündə ölkə çempionatında üçüncü yeri tutmaqla avrokuboklara vəsiqə qazansa da, elə o vaxt da məhz birinci təsnifat mərhələsində onların qarşısını “Qarabağ” kəsib. Bakıda bu rəqibini 4:1 hesabıyla yenən Qurban Qurbanovun yetirmələri səfərdə də 1:1 hesablı heç-heçəyə nail olmuşdular. Ümumilikdə isə, ardıcıl üç mövsümdü (2010/11, 2011/12 və 2012/13) gümüş medalları qazanan “Metallurg” hər üç halda Avropa Liqasında mübarizəni birinci təsnifat mərhələsində dayandırıb. Ümid edək ki, “Qarabağ” makedoniyalıların bu ənənəsini yenə də davam etdirəcək.
 
Elə “Xəzər Lənkəran”ın rəqibi də Avropada ciddi uğurları olmayan bir komandadı. Düzdü, bu komanda Maltanın ən titulu klubudu. Komanda tarixi ərzində 26 dəfə ölkə çempionu, 20 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokun qalibi olub. Lakin “Sliema” tarixi ərzində avrokuboklarda yalnız dörd dəfə mərhələ adlayıb. “Xəzər Lənkəran” maltalıların bu uğurunun artmasına imkan verməməlidi.
 
“Mariehamn”a gəlincə, Finlandiyanın Aland adalarında yerləşən klub ev oyunlarını 4 min azarkeş tutumuna malik “Viklof Holdinq Arena”da keçirir. “Mariehamn” ötən mövsüm Finlandiya çempionatında 4-cü pilləni tutub. Bu komanda uzun illər aşağı liqalarda çıxış edib və 2005-ci ildə Finlandiya çempionatının güclülər dəstəsinə – Veikkausliqaya vəsiqə qazanıb. Həmin vaxtdan bu çempionatda mübarizə aparan “İnter”in rəqibi ilk dəfə avrokuboklarda çıxış edir. Odu ki, “İnter” belə bir təcrübəsiz komandaya debüt mövsümündəcə mərhələ adlamaq şansı verməklə özünü biabır etməməlidi.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 31-ci pillədə qərarlaşıb. Azərbaycanın hesabında 8.375 reytinq xalı var ki, onun da 0.500 xalı cari mövsümdə qazanılıb. Bundan 0.250  xal “Qarabağ”ın, 0.125 xal “İnter”in, 0.125 xal isə “Xəzər Lənkəran”ın payına düşür.
 
Avroliqadakı klublarımızla yanaşı Azərbaycanı bu il ölkə çempionu “Neftçi” də qitə arenasında təmsil edəcək. “Ağ-qaralar” daha nüfuzlu Çempionlar Liqasında özünü göstərmək şansına malikdi.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunları)
11 iyul
 
20:00. Xəzər Lənkəran – Sliema
Baş hakim: Vim Smet (Belçika)
Lənkəran. Mərkəzi stadion.
İlk oyun – 1:1
 
21:00. Qarabağ – Metallurg
Baş hakim: Radek Matejek (Çexiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 1:0
 
22:00. Mariehamn – İnter
Baş hakim: Mervin Smit (Şimali İrlandiya)
Mariehamn. “Wiklöf Holding Arena”.
İlk oyun: 1:1

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.