9 iyul 2013 18:54
İsmayılov Adanasporda!
Türkiyənin PTT Birinci Liqasında daha bir azərbaycanlı futbolçu çıxış edə bilər. Azerisport.az xəbər verir ki, “Adanaspor” da bir həmyerlimizi baxışa çağırıb.
Bu, sağ cinah müdafiəçisi Elnur İsmayılovdu. Elnur ötən mövsümün qış fasiləsində də “Adanaspor”da baxışdan keçib. Transferin son gününədək sınanan həmyerlimiz həmin vaxtkı baş məşqçi Levent Eriş tərəfindən bəyənilsə də, müqavilə imzalanmasına rəğmən Türkiyə klubu futbolçumuzu sifariş edə bilməmişdi.
İndi “Adanaspor” Elnuru yenidən baxışa dəvət edib. Bu dəfə futbolçumuzu komandanın yeni baş məşqçisi Ekrem Al sınaqdan keçirir. Baş məşqçi bəyənəcəyi halda İsmayılovla müqavilə bağlanacaq.
Elnur Türkiyə mətbuatına açıqlamasında transfer vərəqəsinin özündə olduğunu və heç bir problemin qalmadığını bildirib.
Qeyd edək ki, 1994-cü ildə doğulan Elnur “Qarabağ”ın yetirməsidi. 17 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvünün son iş yeri Moldovanın “Dacia” klubu olub. 18 yaşlı müdafiəçi bu klubun əsas heyətində debüt etməyib.
Onu da qeyd edək ki, hazırda Türkiyənin PTT 1-ci liqasında 3 futbolçumuz çıxış edir. Belə ki, Arif İsayevlə Saşa Yunisoğlu “Dənizlispor”un, Branimir Subaşiç isə “Orduspor”un üzvüdü. Cəmşid Məhərrəmovla Tural Hümbətov “Gaziantep BB”də, U-21-in qapıçısı Andrey Popoviç isə hazırda “Samsunspor”da baxışdadı.
