9 iyul 2013 13:05
UEFA Skenderbeuya öz stadionda oynamağa icazə verdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Skenderbeu” (Albaniya) - “Neftçi” marçının hansı stadionda keçiriləcəyi tam müəyyənləşib. Azerisport.az xəbər verir ki, Albaniya çempionu Azərbaycan klubunu doğma “Skenderbeu” stadionunda qəbul edəcək.
Çünki UEFA artıq buna razılıq verib. Halbuki, oyunun bu stadionda keçirilməsi sual altına düşmüşdü. Stadionun tribunalarındakı oturacaqların vəziyyəti qənaətbəxş olmadığından UEFA-nın “Skenderbeu”nu “Neftçi”ni paytaxt Tiranadakı stadionlardan birində qəbul etməyə məcbur edəcəyi gözlənilirdi. Lakin albanlar sonda bunun baş verməsinə imkan verməyiblər. “Skenderbeu” rəhbərliyi 40 min avroya 5 min yeni oturacaq almağa qərar verib. Bununla onlar stadionda UEFA tələblərinə avab verən 7 minlik yer təşkil edə biləcəklər. 12 minlik arenanın qalan tribunaları isə azarkeşlər üçün bağlı olacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun iyulun 17-də Bakıda keçiriləcək. Cavab görüşü isə bir həftə sonra məhz “Skenderbeu” stadionunda baş tutacaq.
