9 iyul 2013 17:42
Azərbaycan çempionatında dava düşdü, AFFA klubları cəza yağmuruna tutdu
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
7 iyul 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” – “Şəfəq” matçının 90+3-cü dəqiqəsində “Şəfəq” klubunun futbolçusu Elçin Abbasov azarkeşləri təhqir edib və onlarla dava edib. Həmin anda “Şəfəq” klubunun digər futbolçuları baş verən hadisə yerinə tərəf qaçsalar da, polis tərəfindən dayandırılıb və münaqişənin qarşısı alınıb. Nəticədə oyun başa çatdırılmayıb.
İntizam Komitəsi yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı qərarları qəbul edib:
- “Şəfəq” klubunun futbolçusu Elçin Abbasov dava-dalaşda iştirak etdiyinə görə 5 oyunluq cəzalanıb.
- “Şəfəq” klubunun futbolçusu Emil Cəfərov və Elvin Məmmədov hakimləri təhqir etdiyinə görə hər ikisi 4 oyunluq cəzalanıb.
- “Şəfəq” klubunun təqsiri nəticəsində oyun sonadək oynanılmadığı üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
7 iyul 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Suqovuşan” – “Gənclik” matçının 26-cı dəqiqəsində “Suqovuşan” klubunun futbolçusu Güləhməd Mirzəyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Oyunun 60-cı dəqiqəsində “Gənclik” klubunun futbolçusu Teyyub Hüseynov komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.
4 iyul 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qobustan” – “Zirə” matçında “Zirə” iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
7 iyul 2013-cü il tarixdə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Ulduz” – “Aran” matçının 72-ci dəqiqəsində “Aran” klubunun futbolçusu Şahin Rüstəmov təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb. Oyunun 73-cü dəqiqəsində “Aran” klubunun futbolçusu Nicat Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
3 iyul 2013-cü il tarixdə futzal üzrə Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bolluq” – “Titan” matçı başa çatdıqdan sonra “Titan”ın futbolçusu Zaur Səmədov hakimlərə hədə-qorxu gəldiyinə görə 5 oyunluq cəzalanıb.
