10 iyul 2013 17:13
Bolqarıstan millisinin üzvü Azərbaycan klubuna keçə bilər
Futbol üzrə Bolqarıstan yığmasının sabiq müdafiəçisi Valentin İliyev karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 32 yaşlı futbolçu ilə Azərbaycan, Rusiya və Ukrayna klubları maraqlanır. Onun artıq karyerasının qürub çağını yaşadığını nəzərə alsaq, güman ki, maliyyə baxımından daha sərfəli təklif ünvanlayan klubla anlaşacaq. Lakin İliyevin konkret hansı klublarla danışıq apardığı açıqlanmır.
Qeyd edək ki, İliyev karyerası ərzində yerli “Botev”, CSKA (Sofia) klubları ilə yanaşı Ukraynanın “Metallurg” (Zaporojye), Rusiyanın “Terek”, Rumıniyanın “Universitatea Craiova”, “Steaua” komandalarında da forma geyib. İliyevin son klubu Ukraynanın “Volın” klubu olub.
İliyev indiyə qədər Bolqarıstan millisində 23 oyun keçirib.
