10 iyul 2013 17:59
Səhər fiziki, axşam texniki-taktiki hazırlıq
"Rəvan” yeni mövsümə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bazar ertəsi baş tutan bərpaedici məşqdən sonra "gücləndirilmiş rejim”lə çalışır.
Klubun rəsmi saytının yaydığı məlumata görə, gündə 2 dəfə məşq edən futbolçular bugünkü səhər məşqində əsasən fiziki hazırlıq üzərində çalışıb. Müxtəlif maneələri dəf etməklə müəyyən olunmuş məsafələrə qaçan oyunçular eyni zamanda fiziki çalışma üzrə ənənəvi təmrinləri də yerinə yetirib.
Axşam məşqində isə texniki-taktiki hazırlıq ön plana çıxıb. Baş məşqçi Ramil Əliyev yetirmələrinə dar sahədə pressinq altından çıxmaq üzrə xüsusi tapşırıqlar verib. Təxminən saatyarım davam edən məşqdə oyunçular ənənəvi "kvadrat” üzrə də çalışıblar. Bir toxunuşlu ötürmələrlə topu özündə saxlamağa yönəlik hərəkətlər isə bütün oyunçuların lap ürəyindən olub. Məşqin sonunda komanda üzvləri cinah asmaları və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyiblər.
Qeyd edək ki, hərbçilər arasında keçirilən I dünya çempionatında millimizin şərəfini qoruyan 6 futbolçunu saymasaq, heyətlə bağlı problem yoxdu. Belə ki, yüngül zədələri olan qapıçılar Lukaş Sapela və Fuad Əhmədov, eləcə də dizindəki ağrılara görə bir müddət "istirahət edən” Şəhriyar Rəhimov bütün komanda ilə ümumi qrupda məşqdə iştirak edib.
