11 iyul 2013 11:18
Rövnəq Abdullayev Arazın çempionata buraxılmamasından danışdı
“Naxçıvan Muxtar Respubliasında futbol üzrə Azərbaycan çempionatının region liqasının təşkil edilməsi planlaşdırılır”. Azerisport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində Naxçıvanın "Araz" komandasının Azərbaycan çempionatının Birinci Divizionuna buraxılmamasına dair yayılan xəbərlər həqiqətəuyğun deyil:
"Bəli, Naxçıvanın "Araz" klubu Birinci Divizionda iştirak etmək üçün AFFA-ya müraciət edib. Biz buna çox şad olduq ki, Naxçıvanda da futbol komandası olacaq. Biz artıq bəzi variantlar fikirləşirik. Bilirsiniz ki, Birinci Diviziondakı komandaların maliyyə imkanları o qədər də böyük deyil. Komandanın tərkibində bir yerə 40 nəfər adam gedib-gəlməlidi. Onların təyyarə ilə getməsi, orada qalması çox çətindi".
Abdullayev qeyd edib ki, AFFA Naxçıvanda regional yarışların keçirilməsinə çalışır. O, artıq bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova göstəriş verdiyini də deyib:
"Artıq UEFA ilə də danışıqlara başlanılıb. Biz Naxçıvanda regional yarışların keçirilməsi üzərində çalışırıq. Biz bu variantın üzərində çalışırıq ki, Naxçıvan Muxtar Respublikasının 6 rayonunda region liqasının yarışları keçirilsin. O liqanın qalibi ilə Azərbaycan çempionatının 1-ci liqasının qalibinin görüşündən sonra onlardan biri yüksək liqaya çıxa bilsin. Biz istərdik ki, Naxçıvanın "Araz" komandası oynasın və Naxçıvanda futbol inkişaf etsin".
