14 iyul 2013 01:05
Simurq Stepan Polyakı da geri qaytardı
"Simurq" ötən mövsümün sonunda yollarını ayırdığı daha bir futbolçusunu geri qaytarıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Stepan Polyak artıq komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulub.
Zaqatala təmsilçisinin uğurlarında böyük pay sahibi olan təcrübəli futbolçu ilə hazırlıqdan qayıtdıqdan sonra yeni müqavilə imzalanacaq. Məşqçilər korpusunun qərarı əsasında geri çağrılan Stepan Polyak 2012/13-cü il mövsümündə "Simurq"un heyətində 29 qarşılaşmada 2183 dəqiqə meydanda olmuş və 4 qola imza atmışdı. Xorvatiyalı yarımmüdafiəçi nizam-intizamı ilə də diqqətdə olmuşdu. O, forma geydiyi qarşılaşmalarda yalnız bir dəfə sarı vərəqəylə cəzalanmışdı.
Qeyd edək ki, Zaqatala təmsilçisi bundan öncə yollarını ayırdığı Anderson Oliveyranı geri çağırmışdı. Türkiyədəki təlim-məşq toplanışında da iştirak edən braziliyalı müdafiəçi artıq yeni müqavilə də imzalayıb.
