13 iyul 2013 15:58
Hakimlərimiz Avroliqada: Ağayevlə Həsənov nə ilə yadda qaldı?
Azərbaycanın iki hakimlər briqadası Avropa Liqasında oyun idarə edib. Azerisport.az xəbər verir ki, bunlaran biri Belarusda, digəri San Marinoda meydana çıxıb.
Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov və Vüsal Əliyevdən ibarət briqada “Dinamo” (Belarus) – “Kruoja” (Litva) matçını idarə edib. Minskdə baş tutan qarşılaşmada Əliyar Ağayev 5 qol qeydə alıb – 5:0. FİFA referisi 54-cü dəqiqədə qonaq komandanın qapısına penalti təyin etsə də, Dmitri Sıçev bu şansdan yararlana bilməyib. Ağayev matçın yeganə sarı vərəqəsini 52-ci dəqiqədə “Kruoja”nın üzvü Donatas Strokisə göstərib.
Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov və Fariz Yusifovdan ibarət hakimlər briqadası isə “Libertas” (San-Marino) – “Sarajevo” (Bosniya və Herseqovina) matçını idarə edib. Qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşan matçda Həsənov 5 sarı vərəqədən yararlanıb. FİFA referisi meydan sahiblərindən Matteo Kamilliniyə (13-cü dəqiqə), Luka Morelliyə (28) və Filippo Antonelliyə (66), qonaqlardan isə Mario Tadeyeviçə (41) və Asmir Sulyiçə (82) xəbərdarlıq edib.
