14 iyul 2013 20:55
Toşak: Maccabini keçəcək gücdəyik
“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Türkiyənin “Cihan” agentliyinə açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə “Xəzər Lənkəran”ın Avroliqanın ikinci təsnifat mərhələsindəki rəqibi olan İsrailin “Maccabi” (Hayfa) komandası haqda danışıb.
“Maccabi”nin ciddi rəqib olduğunu deyən uelsli çalışdırıcı buna baxmayaraq, ikinci mərhələyə keçəcək gücdə olduqlarını söyləyib: “İsrailə səfər öncəsi komandada müəyyən problemlər var. Futbolçular oyuna tam hazır deyil. Buna da səbəb mövsümün yenicə bitməsidi. Ancaq səfərdə uğurlu nəticə qazana bilsək, öz meydanımızda möhtəşəm azarkeş dəstəyi ilə mərhələni keçə biləcəyik”.
Bir vaxtlar “Beşiktaş”ın baş məşqçisi olmuş Toşak “Xəzər Lənkəran”ın iyulun 21-də “Fenerbahçe” ilə keçirəcəyi yoldaşlıq görüşünə çox ciddi hazırlaşdığını söyləyib. O, türk klublarından keçmiş komandası olan “Beşiktaş”a azarkeşlik etdiyini bildirib: “Galatasaray” özəl, “Fenerbahçe” gözəl komandadı, amma ən böyük “Beşiktaş”dı. Bir vaxtlar “Beşiktaş”da çalışdığım üçün xoşbəxtəm. “Real”dan təklif almasaydım, Türkiyədə daha çox qalmaq istəyərdim”.
