15 iyul 2013 01:03
İnterin rəqibi evdə qələbə qazana bilmədi
Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan Norveçin “Tromse” klubu ölkə çempionatı çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, Aqnar Kristensenin baş məşqçisi olduğu komanda 16-cı tur çərçivəsində doğma divarlar arasında “Sogndal” ilə qarşılaşıb.
Görüş 2:2 hesabıyla başa çatıb. “İnter”in rəqibi 22 və 26-cı dəqiqələrdə buraxdığı qollarla məğlub duruma düşsə də, 38-ci dəqiqədə Ondraşek hesab arasındakı fərqi azaldıb. 63-cü dəqiqədə Pritçard qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da, “Tromse” bundan cəmi 6 dəqiqə sonra Fojutun qolu ilə bərabərlik qolunu da vurmağı bacarıb.
Hazırda “Tromse” 16 oyundan sonra topladığı 20 xalla 9-cu yerdə gedir.
Qeyd edək ki, “İnter”lə “Tromse” arasındakı ilk oyun iyulun 18-də səfərdə, cavab görüşü isə ayın 25-də Bakıda keçiriləcək.
